Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində ölkələrin ticari-iqtisadi prioritetlərə nail olmasında biznes dairələrinin rolu mövzusunda tədbir keçirilib.  

Hər iki ölkənin biznes nümayəndələrinin iştirak etdiyi tədbirdə Hökumətlərarası Komissiyanın həmsədrləri-Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın ixracat naziri Mike Freer biznes imkanları və Azərbaycan-Britaniya Ticarət Palatasının iqtisadi tərəfdaşlığı dəstəkləyən fəaliyyəti ilə bağlı çıxış ediblər.

Nazir Pərviz Şahbazov çıxışında Azərbaycanla Birləşmiş Krallıq arasında uzun illər ərzində əldə edilmiş nailiyyətlərə və qarşılıqlı etimada əsaslanan iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün imkanları ölkəmizin müasir inkişaf kursu və beynəlxalq qiymətləndirmələr kontekstində diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil strateji kurs, regionun mənzərəsini dəyişən siyasəti və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun inkişaf strategiyası ölkəmizin davamlı inkişafına yol açır: “Bu inkişaf kursunda əsas diqqət islahatlara, yalnız enerji sahəsinin deyil, bütövlükdə iqtisadiyyatın diversifikasiyasına yönəlib. Bütün bunlar artıq öz bəhrəsini verir. Belə ki, BMT-nin "Dayanıqlı inkişaf-2022" hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb. Cənubi Qafqazın iqtisadi və nəqliyyat mərkəzinə çevrilən Azərbaycanın coğrafi mövqeyi və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına töhfə verir.”

Nazir xarici investorların artan marağına nümunə kimi gələn il istismara veriləcək 500 milyon dollardan çox investisiya dəyəri olan 470 MVt gücündə külək və günəş elektrik enerjisi stansiyaları, həmçinin “Masdar” şirkəti ilə əməkdaşlığa başlanmış quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi, dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və “yaşıl” hidrogen layihələrindən bəhs edib. Bu layihələrin ölkəmizin mövcud ümumi istehsal güclərinin, təxminən, yarısına bərabər olduğu vurğulanıb:

“Bu layihələr vasitəsilə ölkəmizə milyardlarla “yaşıl” xarici investisiya cəlb ediləcək ki, bu da Azərbaycanın sərmayələrə dəyər verən və onları qoruyan etibarlı tərəfdaş roluna olan inamdan xəbər verir. İndi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. bp şirkəti ilə “yaşıl” enerji sahəsində əməkdaşlıq etməkdən məmnunuq. Britaniya şirkətlərinin “yaşıl enerji zonası” elan edilmiş azad edilmiş ərazilərdə şəhərsalma, infrastrukturun inkişaf etdirilməsi, bərpa olunan enerji layihələrinin həyata keçirilməsində, həmçinin Xəzər dənizində külək enerjisindən istifadə edilməsində, dekarbonizasiya məsələlərində iştirakı üçün böyük potensial var.”

İnvestisiyalar üçün əlverişli məkanlardan biri kimi Ələt Azad İqtisadi Zonasının üstünlükləri də diqqətə çatdırılıb. Həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yeni əməkdaşlıqlar üçün əlavə imkanların yarancağı qeyd edilib. Bildirilib ki, investorlar üçün zəruri olan əsas şərtlər-təhlükəsizlik, sabitlik, sərmayələrə zəmanət və etibarlılıqdır. Bütün bu amillərin Azərbaycanda mövcudluğu Britaniya şirkətlərinin də yeni tərəfdaşlıqlar quruması üçün yetərli faktorlardır.

İclas çərçivəsində “Azərbaycanda biznes fəaliyyəti” mövzusunda panel müzakirələr, eləcə də enerji keçidi, texnologiya, infrastruktur, səhiyyə və kənd təsərrüfatı sahələri üzrə dəyirmi masalar təşkil olunub. Həmçinin Ələt Azad İqtisadi Zonası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) də təmsil olunmaqla azad iqtisadi zona və investisiya imkanlarına həsr olunmuş sərgi keçirilib.

Digər xəbərlər