<

2020-ci ilin iyul ayı ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi və elektrik enerjisindən istifadə, eləcə də büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadə, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının təmin edilməsi, həmçinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə mövcud karantin rejiminə görə  texniki yoxlama aparılmayıb.
İyulda elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin, enerji təchizat sxemini dəyişən 15 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib, həmçinin müxtəlif tikinti obyektlərinin elektrik enerjisi ilə təminatına dair 23 elektrik qurğusunun layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, aşkar olunmuş çatışmazlıq səbəbindən 6 layihə sənədinin razılaşdırılmasından imtina olunub.  
Təbii qaz istehlakçılarının təqdim etdikləri 3 razılaşdırılmış layihəyə uyğun olaraq tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 196 tikinti obyektinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb.
Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində  ötən ay ümumilikdə 2 qaz qurğusunun “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan qazpaylayıcı şəbəkələrə qoşulduğu aşkar edilib, bununla bağlı qazpaylayıcı subyektlərə müvafiq göstərişlər verilib.
İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin filialları tərəfindən ay ərzində ümumilikdə 37 inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin, iyul ayında  “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğacların kompüterlə oxunması həyata keçirilib. 
Bu dövr ərzində istehlakçıların müraciəti əsasında 14 müəssisədə 39 nəfər olmaqla, elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb.
 

Digər xəbərlər