2021-ci ilin yanvar-mart ayları ərzində Energetika Nazirliyi, tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi, təbii qaz təchizatı və digər məsələlərlə bağlı ümumilikdə 2010 müraciətə baxılıb.

Müraciətlərin 1023-ü elektrik enerjisi, 325-i təbii qaz təchizatı, 4-ü bərpa olunan enerji, 20-si istilik təchizatı, 638-i isə digər məzmunlu məsələlərlə bağlı olub.

Müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, borc və cərimələr, qazlaşdırma, sayğaclarda yaranan qüsurlar, icazələr, təşəkkür, işlə təminat və digər mövzuları əhatə edib.

Rüb ərzində 1251 müraciət Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb, 454 müraciət hazırda icradadır, 305 müraciət isə məlumat xarakterlidir.

Hesabat dövründə Energetika Nazirliyinin sosial şəbəkələrdəki hesabları vasitəsilə 30 müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular cavablandırılıb, şikayət tipli müraciətlər isə aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib və bu barədə vətəndaşlara məlumat verilib. 

Digər xəbərlər