<

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ˝Elektrik enerjisi sektorunda islahatlar˝ adlı seminar keçirilib. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, Agentlik tərəfindən hazırda ölkədə kommunal xidmət səviyyəsinin yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşdırılması, istehlaçılar üçün fasiləsiz və keyfiyyətli enerji təchizatının təmin edilməsi üçün mühüm işlər görülür. AYİB-nin Azərbaycandankı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte isə  elektrik enerjisi sektorunda islahatların zəruriliyini vurğulayıb. Avropa ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsinin enerji tənzimləməsinə müsbət təsir göstərəciyini qeyd edib.

Tədbirdə enerjinin istehsalı, ötürülməsi və paylanması sahələrinin bir-birindən ayrılması, enerji sektorunun restrukturizasiyası, özəlləşdirilməsi və liberallaşdırılması, rəqabət üçün əlverişli şəraitin yaradılması ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətdə Avropa təcrübəsi diqqətə çatdırılıb. Liberallaşdırılmış elektrik enerjisi bazarının Avropa Şurasının Üçüncü Enerji Paketinin müddəalarına uyğunlaşdırılması yolları haqqında məlumat verilib. CEER ekspertləri Latviyanın Kommunal Xidmətlər üzrə Komissiyasının sədri Rolands İrklis və İrlandiyanın Kommunal Xidmətlərinin Tənzimlənməsi üzrə Komissiyasının Elektrik şəbəkələr üzrə meneceri Robert OʼRurkun təqdimatları dinlənilib.   

Seminarda həmçinin digər ölkələrdə tənzimləyici orqanının yaradılması prosesi, investisiyaların cəlbi, monitorinq və nəzarət vasitəsi ilə istehlakçıların hüquqlarının qorunması kimi məsələlər də müzakirə edilib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə 8 sentyabr 2017-ci il tarixində imzalanmış Niyyət Protokolu çərçivəsində keçirilib.

Digər xəbərlər