<

Enerji Məsələlərini Tənzimləmə Agentliyi istehlakçıların hüquqlarının müdafiə olunması və daxil olan şikayətlərə operativ, hərtərəfli və obyektiv şəkildə baxılması üçün bır sıra tədbirlər həyata keçirir. 
Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı ilə bağlı daxil olmuş 573 ərizə və müraciət  araşdırılıb. Müraciətlərin 413-ü elektrik sayğaclarının quraşdırılması, enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi və elektrik enerjisinin verilişi kimi elektrik enerjisi təchizatı ilə əlaqədar məsələləri əhatə edib. 
2018-ci ilin 8 ayı üzrə Agentliyə qaz təchizatı ilə bağlı 160 müraciət daxil olub. Bunlar qaz xəttinə qoşulma, qaz təzyiqinin normadan aşağı olması, təbi qazın verilişinə, sayğaclarının quraşdırılması və izafi borcun yaranmasına dair olub. 
İstehlakçılar tərəfindən daxil olan bütün müraciətlər müəyyən olunmuş qaydada araşdırılıb, mahiyyəti üzrə təhlil edilərək müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.
Vətəndaşların onlara məxsus olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə süründürməçiliyin və əsassız olaraq əlavə vəsaitlərin tələbinin qarşısının alınmasından ötrü Nazirliyin elektron saytında “əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” və “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” bölməsi yaradılaraq elektron sənəd dövriyyəsinin təşkili təmin edilib. Həmin bölmədə vətəndaşlar (əhali abonentləri və qeyri-əhali abonentləri) enerji təchizatı şəbəkəsinə qoşulması üçün tələb olunan sənədlər, qoşulma haqqı və qoşulma müddəti barədə  məlumatlar əldə edərək elektron formada müraciət edə bilirlər. Elektron xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən enerji təchizatı şəbəkəsinə qoşulmanın qeydiyyatı üçün internet vasitəsi ilə online müraciətin təşkili, müraciətlərin elektron qəbulu və qeydiyyat prosesinin operativ həlli 2018-ci ilin may ayında “Doing Business” layihəsi çərçivəsində yüksək qiymətləndirilib. 

Digər xəbərlər