- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Enerji bazarının konsepsiyası, dizaynı və idarə edilməsi ilə bağlı seminar keçirilir
Energetika Nazirliyi və beynəlxalq ekspertlərin iştirakı ilə Texniki yardım və Məlumat mübadiləsi (TAİEX) aləti çərçivəsində enerji bazarının konsepsiyası, dizaynı və idarə edilməsi ilə bağlı seminar öz işinə başlayıb. İki gün davam edəcək seminarın keçirilməsində məqsəd enerji bazarında islahatlar, milli elektrik enerjisi və qaz bazarlarının yaradılması üzrə Avropa İttifaqı ölkələrinin təcrübəsinin öyrənilməsindən ibarətdir. Energetika nazirinin müavini Elnur Soltanov enerji təhlükəsizliyinin mühüm elementləri kimi ətraf mühitə təsirlərin azaldılması və istehlakçıların sərfəli qiymətə enerji resurslarına çıxışının təmin edilməsində bazar münasibətlərinin rolundan danışıb. Enerji bazarının yaradılması, tənzimləmə mexanizminin formalaşdırılması kimi məsələlərin ölkə Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapdığını qeyd edib. Nazirliyin Aparat rəhbəri Zaur Məmmədov isə energetika sektorunda yeni münasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində görülən işlərdən bəhs edib.
Sonra Azərbaycanın elektrik enerjisi və qaz sektorlarının mövcud vəziyyətinə dair təqdimatlar edilib. Elektrik enerjisi istehsalı, qaz hasilatı, paylama sektorlarının strukturu və mülkiyyəti, elektroenergetika və qaz sektorları arasında əlaqə təhlil edilib. Tədbir TAİEX ekspertləri Rozeta Karova, Tom Maes və Mart Otsun enerji sektorunda islahatların əsas mərhələləri, enerji sahəsində fəaliyyətlərin effektiv bölgüsü, eləcə də Milli Tənzimləmə Qurumunun vəzifə və səlahiyyətləri ilə bağlı Avropa təcrübəsinə dair çıxışları ilə davam etdirilib.