Müdrik rəhbər, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Energetika Nazirliyində tədbir keçirilib.

Energetika nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samir Vəliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi dərin və uğurlu siyasi fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyevin qətiyyəti və əzmkarlığı hesabına ölkəmiz tənəzzüldən inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin həyata keçirdiyi mühüm islahatlar sırasında energetika sahəsində görülən işlər xüsusi vurğulanıb. Bildirilib ki, Heydər Əliyevin irəli sürdüyü inkişaf proqramları, əhəmiyyətli tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodları bütün sahələrdə, eləcə də enerji sektorunda uzunmüddətli inkişafın təməlini formalaşdırıb, neft təsərrüfatı yenidən qurulub, bir əsrdən artıq tarixi olan elektroenergetika sistemimizin sürətli inkişafına nail olunub.

Çıxışda Ulu Öndərin strateji inkişaf kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. “Cənub Qaz Dəhlizi” layihəsi, neft-qaz sahəsində aparılan kompleks tədbirlər, elektroenergetika sektorunda reallaşdırılan islahatlar, “yaşıl enerji” sahəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyev strategiyasının yeni mərhələdə inkişafının nümunələri kimi qiymətləndirilib.

Sonra ümummilli liderə həsr olunmuş film nümayiş etdirilib. Energetika Nazirliyinin əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi ictimai-siyasi fəaliyyəti barədə məlumat verilib, Heydər Əliyevin gənc nəslin yetişməsinə göstərdiyi xüsusi qayğı və diqqətdən bəhs edilib.

Tədbirdən sonra Energetika Nazirliyinin və tabeli qurumların rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Digər xəbərlər