<

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Energetika Nazirliyində tədbir keçirilib. Energetika naziri Pərviz Şahbazov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf proqramları, kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodları bütün sahələrdə, eləcə də enerji sektorunda uzunmüddətli inkişafın təməlini formalaşdırıb. Ötən əsrin 70-80-ci illərində neftçıxarma, neft emalı sənayesi və elektroenergetika sistemində əldə edilmiş nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Energetika naziri 90-cı illərdə Ulu Öndərin mürəkkəb vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli istiqamətindəki xidmətlərindən də bəhs edib. Onun müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlərdən, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) qaz kəməri və “Şahdəniz” layihələrinin həyata keçirilmə prosesi, iqtisadi və siyasi üstünlüklərindən danışıb: “Ulu Öndər Heydər Əliyevin bütün bu xidmətləri Xəzər regionunun Azərbaycan vasitəsilə enerji mərkəzi kimi qəbulunda mühüm rol oynadı. Ölkə iqtisadiyyatının sürətli inkişafına, neft gəlirlərinin insan kapitalına yönəldilməsinə nail olundu. Bu siyasət, Azərbaycanın enerji ölkəsi kimi uzunmüddətli inkişafında, eləcə də  enerji təhlükəsizliyinin təminatçısına çevrilməsində bu gün də mühüm rol oynayır.”

Ulu Öndərin ideyalarının, strateji inkişaf kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. Həyata keçirilən layihələr, elektroenergetika sisteminin dayanıqlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər Heydər Əliyev strategiyasının yeni mərhələdə inkişaf edən nümunələri kimi qiymətləndirilib.

Tədbirin yekununda Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.

Digər xəbərlər