Energetika Nazirliyində Rusiyanın ən böyük müstəqil təbii qaz istehsalçısı olan “Novatek” şirkətinin alim və mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Tədbir Moskva Neft-qaz Biznesi İnstitutunun həyata keçirdiyi “Xəzər regionunun ən iri neft-qaz layihələri: biznesin əhəmiyyəti və texnologiyaların inkişafı” beynəlxalq təhsil proqramı çərçivəsində baş tutub.

Görüş zamanı energetika sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün elmi-texniki sahələr üzrə məlumat və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunulub. Beynəlxalq təhsil proqramlarının həyata keçirilməsinin işgüzar əlaqələrin inkişafına, eləcə də sosial kapitalın möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kadr potensialının hazırlanmasına mühüm töhfələr verə biləcəyi vurğulanıb.

Nümayəndə heyətinə ölkəmizin neft-qaz sənayesinin tarixi, müstəqillik illərində həyata keçirilən qlobal, həmçinin transregional layihələr, o cümlədən “Əsrin Müqaviləsi”, “Şahdəniz” və “Cənub Qaz Dəhlizi” layihələri haqqında məlumat verilib, müvafiq sahələrdə əldə olunmuş nailiyyətləri özündə əks etdirən videoçarx nümayiş etdirilib. Həmçinin elektroenergetika, bərpa olunan enerji və enerji səmərəliliyi sahələri üzrə aparılan islahatlar, perspektiv planlar, həyata keçirilən layihələr barədə təqdimatlar edilib.

Digər xəbərlər