Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal, həmçinin “Transgaz” və “Romgaz” şirkətlərinin rəhbər şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə müzakirələr aparılıb. Energetika sahəsində əməkdaşlığın inkişafında Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib. Həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində VIII nazirlər iclasında Rumıniyanın iştirakı, layihəyə marağı yüksək təqdir edilərək, dəhlizin genişləndirilməsi çərçivəsində bu ölkənin layihəyə qoşulma perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək Qara dəniz sualtı fiber-optik kabelin çəkilməsi layihəsi də nəzərdən keçirilib. Rumıniya layihə üzrə hazırda formalaşdırılan İşçi Qrupunda iştiraka dəvət edilib. Nazir Pərviz Şahbazov layihənin region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, Azərbaycanın “yaşıl enerji”nin ixracı üçün potensial və planlarını diqqətə çatdırıb. Nazir deyib ki, hazırda həyata keçirilən bərpa olunan enerji layihələri və dənizdə külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlar gələcəkdə Avropa ilə əməkdaşlıqda Azərbaycanı “yaşıl enerji” mənbələrindən istehsal ediləcək elektrik enerjisinin və hidrogenin ixracı sahəsində də mühüm tərəfdaşa çevirə bilər.

Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının digər perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər