Energetika Nazirliyində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı rəhbərliyinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək, bu əlamətdar günün Azərbaycan tarixində, xalqımızın taleyində tutduğu mühüm yer, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilasında, dövlətin inkişafının sarsılmaz təməllərinin qorunmasında, ölkənin vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən mühafizəsində, bütün istiqamətlərdə inkişafında oynadığı həlledici və əvəzolunmaz rolu haqqında danışıb.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründəki siyasi-ictimai fəaliyyəti, həyata keçirdiyi islahatlar və strateji tədbirlər, dövlət və xalq qarşısındakı tarixi xidmətləri, Nazirliyin neft-qaz şöbəsinin müdir müavini Otel Hüseynov isə Heydər Əliyevin məqsədyönlü siyasətinin milli enerji sektorunun inkişafına, ölkəmizin zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnologiyanın köməyi ilə hasilatına, xarici bazarlara ixracı, satışı və əldə olunan gəlirlərin cəmiyyətin iqtisadi tərəqqisinə yönəldilməsinə yaratdığı imkanları qeyd edib.

Çıxışlarda o da qeyd olunub ki, bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti sayəsində Azərbaycan yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirməkdədir. Bildirilib ki, Vətən müharibəsində qazanılan qələbə, azad edilmiş torpaqlarda təməli qoyulan infrastruktur layihələri, Böyük Qayıdışın reallaşdırılması istiqamətində görülən tədbirlər Müzəffər Ali Baş Komandanın uğurlarının nəticələridir.

Tədbirdə həmçinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub və Energetika Nazirliyinin bir qrup əməkdaşına Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər