<

Energetika Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib. İclasda Yol xəritəsi üzrə 2017-ci il ərzində tamamlanması nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyəti müzakirə edilib. Bildirilib ki, Strateji Yol Xəritəsində 2017-ci ildə yekunlaşdırılması nəzərdə tutulan ümumilikdə 18 tədbirin 8-də Energetika Nazirliyi əsas icraçı qismində çıxış edir. Aidiyyəti qurumlarla birgə elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi artıq başa çatdırılıb. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmalar da hazırlanıb. “İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi” prioritet istiqamətinə uyğun olaraq ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə İşçi Qrupu yaradılıb. “Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin (ƏİG) tətbiq edilməsi” metodikası da tərtib edilərək, müvafiq qurumlara təqdim olunub. Elektroenergetika və istilik təchizatı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində isə “Elektroenergetika haqqında” qanun layihəsi və “İstilik enerjisindən istifadə qaydaları” işlənib hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Səmərəliliyin artırılması tədbirinə uyğun olaraq, elektrik verilişi və paylama şəbəkələri üzrə araşdırmaların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi əsasında tədbirlər planı müəyyənləşdirilib.

İclasda həmçinin digər icraçı orqanlar tərəfindən 2017-ci ildə tamamlanması nəzərdə tutulan 10 tədbirin icra vəziyyəti də nəzərdən keçirilib. Görülmüş işlər təhlil edilib. Bu tədbirlərin başa çatdırılmasına dair yekun məlumatlar təqdim olunub.  

Digər xəbərlər