Energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə ötən dövrdə icra edilmiş və cari ilin növbəti rüblərində qarşıda duran vəzifələrə dair videokonfrans formatında kollegiya iclası keçirilib.

İclası açan kollegiya sədri Pərviz Şahbazov energetika sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş vəzifələrin icrasına diqqət çəkib, həm ötən il, həm də cari ilin əvvəlindən bu istiqamətdə mühüm işlər görüldüyünü bildirib. İclasın gündəliyinə daxil edilmiş məsələlərə dair məlumat verilərək, məruzəçilər çıxışlara başlamağa dəvət edilib.

Gündəliyə müvafiq olaraq Mətbuat sektorunun müdiri - mətbuat katibi Cahid Mikayılov və nazirliyin tabeli qurumlarının nümayəndələri tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinin 2021–2023-cü illər üzrə Kommunikasiya Strategiyasının icrası istiqamətində görülmüş tədbirlərə dair hesabat təqdimatlar şəklində nümayiş etdirilib və suallar cavablandırılıb. Daha sonra, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və digər həmməruzəçilər tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiyasından irəli gələn məsələlərin icra vəziyyəti və görülən işlər barədə məlumat verilib.

Kollegiya iclasında, həmçinin 2021-ci il üzrə Energetika Nazirliyində icra intizamının vəziyyəti, vətəndaş müraciətlərinin statistikası və müraciətlərə baxılması ilə bağlı görülən tədbirlər, iş planlarının icra səviyyəsi, yeni qəbul edilmiş qanunvericilik aktlarından irəli gələn alt qanunvericilik aktlarının hazırlanması və razılaşdırılması üzrə görülən işlər, müvafiq struktur bölmələrdə aparılmış yoxlamaların nəticələri diqqətə çatdırılıb, müvafiq normativ hüquqi aktlardan irəli gələn tapşırıqların vaxtında və operativ yerinə yetirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib.

İclasın sonunda kollegiyanın sədri Pərviz Şahbazov görüləcək işlər və qarşıda duran vəzifələrin icrası, sənədlərin icra vəziyyətinə nəzarətin daha da təkmilləşdirilməsi və icra intizamına riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Digər xəbərlər