<

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib. İclasda ölkədə bərpa olunan enerji sahəsində əldə olunan nəticələr, bu sahədə qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla mövcud potensialdan istifadənin genişləndirilməsi, qarşıda duran prioritet vəzifələr, eləcə də 2019-cu ilin birinci yarısı üzrə nazirlik tərəfindən görülmüş işlər və nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.  

Energetika sahəsində aparılan əsaslı islahatlardan bəhs edən kollegiyanın sədri Energetika naziri Pərviz Şahbazov energetika sektorunun inkişafı ilə bağlı qəbul edilmiş strateji sənədlərdə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı gücü portfelinin şaxələndirilməsi, sahəyə özəl investisiyaların cəlb edilməsi istiqamətində mühüm vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb. Bildirilib ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi artıq hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin yaxın vaxtlarda təqdim edilməsi nəzərdə tutulur.

İclasda ölkədə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud vəziyyətə dair məruzə dinlənilib. Bərpa olunan enerji potensialı, müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, sahənin investisiya qoyuluşu üçün əlverişliliyinin təmin edilməsi, təşviq mexanizmlərinin müəyyənləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, beynəlxalq şirkətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.

Kollegiya iclasında həmçinin 2019-cu ilin birinci yarısının yekunları üzrə hesabat dinlənilib. İcra intizamı, icazələrin verilməsi, inzibati xətalar, vətəndaşların qəbulu və müraciətlərə baxılması ilə bağlı görülmüş işlər, eləcə də Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.

Yekunda nazir Pərviz Şahbazov 2019-cu ilin ikinci yarısında görüləcək işlər və qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Digər xəbərlər