<

Energetika naziri Pərviz Şahbazov dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və qurumunu birləşdirən - “Caspian European Club”un İdarə Heyətinin üzvlərini qəbul edib. Görüşdə Klubla əməkdaşlığın genişləndirilməsi, enerji sektorunun inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Energetika naziri Klub çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində mütəmadi keçirilən tədbirlərin enerji sektoruna töhfələrini yüksək qiymətləndirib. Həyata keçirilən layihələrlə bağlı “Caspian European Club”un təkliflərinin öyrənilməsinin vacibliyi qeyd olunub. Əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial imkanlardan bəhs edilib.

“Caspian European Club”un İdarə Heyəti sədrinin birinci müavini və baş icraçı direktor Telman Əliyev təmsil etdiyi qurumla Energetika Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafına görə təşəkkürünü bildirib. Klubun nazirliklə biznes qurumları arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu söyləyib.  

Görüşdə “Caspian European Club”, “Caspian American Club” və “Caspian European Club”a üzv şirkətlərlə enerji sektoruna dair məsələlərin, təkliflərin birgə müzakirəsi üçün  intensiv görüşlərin keçirilməsi razılaşdırılıb. Həmçinin sentyabrda keçiriləcək VII Beynəlxalq "Caspian Energy Forum Baku - 2018" tədbiri ilə bağlı müzakirələr aparılıb və Energetika Nazirliyinin Foruma rəsmi dəstəyi ifadə edilib.

“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik olaraq “Caspian American Club” və “Caspian Asian Club”un üzvü hesab olunur.

Digər xəbərlər