<

Energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə regional meneceri Yan van Bilsenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Yan van Bilsen təmsil etdiyi qurumun özəl sektora investisiyaların cəlb olunması, bu sektorun iqtisadiyyatda rolunun artırılması kimi diqqət yetirdiyi məsələlərdən bəhs edib. Bir çox ölkələrdə enerji sahəsində özəl sektorun inkişafı və islahatlarla bağlı təcrübələrindən çıxış edərək, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa maraqlı olduğunu bildirib.

Energetika sektorunda həyata keçirilən islahatlar və bu məqsədlə yeni qanunvericilik bazasının hazırlanması barədə məlumat verən nazir Pərviz Şahbazov bu qanunların tətbiqi üçün alt normativ hüquqi sənədlərin məsləhətçi dəstəyi ilə hazırlanmalı olduğunu qeyd edib. Bildirilib ki,  “Energetika haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə də əməkdaşlıq edilə bilər.

Energetika naziri bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin hökumətin prioritetlərindən olduğunu və pilot layihələrin ardınca hərracların planlaşdırıldığını, bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Görüşdə elektroenergetika sahəsində liberal bazar modelinə keçid, özəl investisiyanın cəlbi ilə yeni istehsal güclərinin yaradılması və dənizdə külək enerjisi üzrə perspektiv əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Digər xəbərlər