- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb
Azərbaycan Respublikasının Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım mərasimi keçirilib. Mərasim Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlanıb. Daha sonra çıxış edən energetika nazirinin müavini Samir Vəliyev 29 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini milli tariximizin qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib.
Mərasimdə 20 Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi qeyd edilib. Bilidirilib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur. Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin dövlət səviyyəsində həlli, onların sosial təminatının ildən-ilə daha da möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir.
Anım mərasimi 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.