- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi arasında enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılmış birgə Texniki Komissiyanın ilk iclası keçirilib.
Komissiyanın Azərbaycan tərəfindən rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə yüksələn xəttlə inkişaf etdiyini, OPEC+ formatında intensiv əməkdaşlığın, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsi kimi təşəbbüsün enerji sahəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd olunub ki, enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar var və Texniki Komissiyanın iclasları bu potensialı reallaşdırmağa töhfə verəcək.
Komissiyanın Səudiyyə Ərəbistanı tərəfindən rəhbəri, bu ölkənin Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq münasibətlər üzrə müşaviri Şakir Mahrus isə deyib ki, enerji sahəsində çox istiqamətli əməkdaşlığın inkişafına nail olmaq hər iki ölkənin ümumi maraqlarına cavab verir.
İclasda neft hasilatı, emalı və neft-kimya məhsullarının dünya bazarlarına çıxarılması, “Saudi Aramco” və SOCAR arasında əlaqələrin genişləndirilməsi, SABİC şirkətinin Azərbaycanla neft-kimya sahəsində layihələrin həyata keçirilməsi perspektivləri, eləcə də bərpa olunan enerji, enerji səmərəliliyi, elektroenergetika sahələri üzrə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerjidən istifadə ilə bağlı da Azərbaycanla təcrübəsini bölüşmək və ərəb şirkətlərini bu sahəyə cəlb etmək niyyətindədir.
Tədbirdə bərpa olunan enerji sahəsində qanunvericilik bazasının yaradılması, özəl sektorun bu sahəyə cəlbi istiqamətində görülən işlər, beynəlxalq şirkətlərlə əməkdaşlıq barədə məlumatlar diqqətə çatdırılıb.
İclasda həmçinin təbii resursların hasilatı sahəsində əməkdaşlıq imkanları, enerji səmərəliliyi sahəsində birgə seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə nazirliklər arasında anlaşma memorandumunun hazırlanması və imzalanmasının vacibliyi vurğulanıb.
Sonda iclasın yekunlarına dair protokol imzalanıb.