<

Energetika naziri Pərviz Şahbazov və Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnakın iştirakı ilə videokonfrans keçirilib. Enerji Xartiyası Müqaviləsinin müasirləşdirilməsi, eləcə də Azərbaycanın cari ildəki Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı məsələlər müzakirə edilib.

Enerji Xartiyası Müqaviləsinin müasirləşdirilməsi prosesində üzv ölkələrin mövqelərinə, müasirləşdirmə üzrə işçi qrupunun fəaliyyətinin təşkilinə dair fikir mübadiləsi aparılıb. Baş katib Urban Rusnak Enerji Xartiyası Müqaviləsinin qlobal enerji sektorunun müasir tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib və modernizasiya prosesi üzrə danışıqların ilk mərhələsinin gələn həftə başlayacağını bildirib. Energetika naziri Pərviz Şahbazov isə qeyd edib ki, Azərbaycanın Enerji Xartiyası Müqaviləsinin müasirləşdirilməsinə dair təklifləri 2019-cu ildə təqdim olunub və hazırda dövlət qurumları ilə məsləhətləşmələr davam etdirilməkdədir. Beynəlxalq Enerji Xartiyası üçün qərarların konsensus əsasında qəbul edildiyini nəzərə alaraq, müqavilənin müasirləşdirilməsi ilə əlaqədar da ümumi razılığa gəlmək üçün tərəflərin danışıqlar prosesində aktiv iştirakı vacibdir.

Videokonfransda Bakıda keçirilməsi planlaşdırılan Enerji Xartiyası Forumuna, 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı və Nazirlər Görüşünə hazırlıqla bağlı texniki-təşkilati məsələlər də nəzərdən keçirilib.

Xatırladaq ki, Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar 2018-ci ildə qəbul olunub.

Digər xəbərlər