- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyi “McKinsey&Company” şirkəti ilə müqavilə imzaladı
Energetika Nazirliyi ilə dünyanın aparıcı konsaltinq şirkətlərindən hesab olunan “McKinsey&Company” şirkəti arasında ölkənin qaz təchizatı sisteminin müfəssəl diqanostikasının aparılmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət Energetika Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanmasında məsləhətçi xidmətləri göstərəcək.
Diaqnostikanın nəticələri Energetika Nazirliyi tərəfindən qaz təchizatı sistemində itkilərin qarşısının alınması, ölkədə istehlak olunan təbii qazın sərfiyyatının ölçülməsinin dəqiqliyinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi, müasirləşdirilməsi ilə bağlı müfəssəl təkliflərin formalaşdırılması üçün istifadə ediləcək. Həmçinin bu nəticələr əsasında qaz təchizatı sahəsində bazar münasibətlərinə mərhələli keçid, investisiyaların effektivliyinin artırılması və normativ-hüquqi bazanın müasirləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. İslahatların aparılması üçün zəruri hesab edilən qanunvericilik təşəbbüslərinin isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinə daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib. Sərəncamda, həmçinin Energetika Nazirliyinin təklifləri əsasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması müddəası öz əksini tapıb.