<

Energetika Nazirliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbir ölkənin enerji balansında bərpa olunan enerji mənbələri hesabına əldə edilən enerjinin payını artırmaq, enerji mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinə nail olmaq, ölkənin bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadəni təmin etmək və bu sahədə təşviqedici mexanizmlərin tətbiqi məqsədilə Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasındakı əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək”  layihəsi üzrə göruləcək işlərin və təqdim olunan təkliflərin müzakirəsi məqsədilə təşkil olunub.

Energetika nazirinin müavini Samir Vəliyev bərpa olunan enerji mənbələri sahəsində görülmüş işlər haqqında danışaraq, sahə üzrə normativ hüquqi bazanın hazırlanması, bərpa olunan enerji mənbələri zonalarının təyini və potensial investorlarla əməkdaşlığın önəmini diqqətə çatdırıb.

Sonra Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən nümayəndə heyətinin rəhbəri Adil Hanif “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi haqqında məlumat verərək, layihə üzrə Bank tərəfindən yaradılan İşçi qrupunun üzvlərini təqdim edib.

Görüşdə layihə haqqında müxtəlif təqdimatlar dinlənilib, layihənin icra qrafikinin müəyyənləşdirilməsi, layihə üzrə təkliflər və görüləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Digər xəbərlər