- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyi Gürcüstanda CAREC çərçivəsində keçirilmiş tədbirlərdə təmsil olunub
10-12 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İnkişaf Proqramı (CAREC) çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin növbəti 28-ci iclası və 3-cü Enerji İnvestisiya Forumu keçirilib.
Enerji Sektorunun Əlaqələndirici Komitəsinin iclasında iri regional layihələr haqqında yenilənmiş məlumatlar və elektrik enerjisinin ticarəti üzrə tədbirlərə dair sessiya çərçivəsində təqdimatlar dinlənilib. Tədbirdə iştirak edən Energetika Nazirliyinin nümayəndəsi Asəf Rzayev “Xəzər dənizinə dair razılaşma” haqqında təqdimatla çıxış edərək, təbii resurslarla zəngin Xəzər dənizi vasitəsilə Azərbaycanın həyata keçirdiyi neft-qaz, enerji layihələri, mövcud tranzit yolları barədə məlumat verib, Xəzər dənizinin karbohidrogen ehtiyatları hesabına Avropa və Asiyanın enerji resursları ilə təmin edilməsində mühüm rolundan bəhs edib. Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiyanın əhəmiyyətinə toxunaraq, bu tarixi sənədin gələcəkdə böyük enerji layihələrinin reallaşmasına, region ölkələri arasında əməkdaşlığın daha da inkişaf etməsinə mühüm töhfələr verəcəyini qeyd edib.
Sonra Gürcüstan Respublikasında 2016-cı ildə istismara verilmiş ümumi gücü 178 MVt olan “Acariskali” Su Elektrik Stansiyasına baxış keçirilib.
CAREC çərçivəsində təşkil edilən 3-cü Enerji İnvestisiya Forumunda isə alternativ və bərpa olunan enerji layihələri, elektromobillər, hidroenergetika, enerji effektivliyi və yüksək texnologiyalara dair sessiyalar keçirilib və çıxışlar dinlənilib.