<

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Yuri Sentyurinin iştirakı ilə “2020-ci ildə təbii qaza tələbatın təşviqi” mövzusunda onlayn formatda  seminar keçirilib.    Tədbirdə Azərbaycanı Energetika Nazirliyinin əməkdaşları Otel Hüseynov, Pərvin Bayramova  və Loğman Dəmirli təmsil edib. 
Seminarda qlobal qaz sektorunda izlənilən tendensiyalar, mayeləşdirilmiş təbii qazın (LNG) artan rolu, “COVİD-19” pandemiyasının qaza olan tələbata təsiri və perspektivlərə dair məsələlər müzakirə edilib. Bildirilib ki, təbii qaz qlobal miqyasda  təmiz, əlverişli və etibarlı enerji növü kimi qəbul olunur. Hazırda pandemiyanın dünya iqtisadiyyatına böyük mənfi təsirləri qaza tələbatın azalması və təklif bolluğu ilə nəticələnib. Lakin postpandemiyadan sonrakı dövrdə qaza tələbatın bərpa olunacağı və 2050-ci ildə dünya enerji balansında mühüm mövqeyə malik olacağı qeyd olunub.    
 Seminarda qiymətlərin optimallaşdırılması və rəqəmsallaşdırma yolu ilə təbii qazın rəqabət qabiliyyətinin yaxşılaşdırılması, pandemiyadan sonra qaz bazarının yeni reallıqlara uyğun inkişafı, eləcə də Forumla əlaqəli məsələlər ətrafında fikir mübadiləsi  aparılıb. Tədbirə,  həmçinin  Beynəlxalq Qaz İttifaqı, Afrika Enerji Palatası kimi təşkilatlar və  qlobal  neft-qaz şirkətləri də qatılıb.
 

Digər xəbərlər