- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika nazirinin müavini Albaniyada Beynəlxalq Enerji Xartiyasının baş katibi ilə görüşüb
Albaniyada iyunun 13-də keçirilmiş Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Energetika nazirinin müavini Samir Vəliyev qurumun baş katibi Urban Rusnak ilə görüşüb. Görüşdə Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlıq, o cümlədən ölkəmizdə energetika sektorunda islahatların sürətləndirilməsi istiqamətində görülən işlər və xartiyanın dəstəyi ilə hazırlanan layihələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, cari ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Enerji Xartiyası Forumu və 2020-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyindən irəli gələn məsələlər müzakirə edilib.
Qeyd edək ki, nazir müavini Samir Vəliyev Forumun iclasında da iştirak edib və “Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxış edib. Nazir müavini çıxışında hazırda dünyada enerjiyə tələbatın ödənilməsi zamanı üzləşilən ekoloji və enerji təhlükəsizliyi kimi çağırışların enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi kimi məsələləri aktuallaşdırdığını qeyd edib. Azərbaycanın hər üç istiqamət üzrə siyasətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri karbohidrogenlərin ixrac marşrutlarının diversifikasiyasını və tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edib. Xəzər dənizini Qara dəniz, Aralıq dənizi ilə neft kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum neft-qaz kəmərləri və hazırda yekunlaşmaqda olan Cənub Qaz Dəhlizi dünyanın enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi siyasətinə Azərbaycanın töhfələridir.
Samir Vəliyev energetika sektorunda islahatlar prosesinin bir hissəsi kimi bərpa olunan enerji və enerji səmərəliliyi sahələri üzrə həyata keçirilən kompleks tədbirlərdən də bəhs edib. Yaxın illərdə külək, günəş və bioenerji üzrə yeni enerji güclərinin istifadəyə verilməsi, bərpa olunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması, elektrik enerjisinin istehsalında şaxlənmənin təmin edilməsi və özəl investisiyanın cəlbi istiqamətində hazırlanan yeni qanun və qaydalar haqqında ətraflı məlumat verilib: “Bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələr bizim üçün yenidir, amma xarici şirkətlərlə, beynəlxalq qurumlarla möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz kifayət qədərdir. Bu təcrübə bərpa olunan enerji və enerji səmərəliliyi ilə bağlı hədəflərimizə, ümumilikdə energetika sektorunda islahatların uğurla həyata keçirilməsinə kömək edəcəkdir”, deyə nazir müavini əlavə edib.