<

Energetika naziri Pərviz Şahbazov növbəti dəfə vətəndaş qəbulu keçirib. Nazir Bakı, Sumqayıt, Şirvan şəhərləri, Cəlilabad və Hacıqabul rayonlarından daxil olmuş müraciətlər əsasında nazirlikdə vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik enerjisinə görə borcun silinməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qeyd olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Energetika Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Müxtəlif məsələlərlə bağlı nazirliyə daxil olan bütün vətəndaş müraciətləri aidiyyəti üzrə araşdırılır və müvafiq qaydada zəruri tədbirlər görülür.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu il üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, hər ay bölgələrdə Energetika naziri və nazir müavinlərinin vətəndaş qəbulu həyata keçirilir.

Digər xəbərlər