- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri və müavinləri şimal-qərb bölgəsində vətəndaşları qəbul edib
İyulun 26-da Energetika naziri Pərviz Şahbazov Şəki şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialının inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Şəki və Qax rayonlarının sakinləri iştirak edib.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qəbələ şəhərində Qəbələ və Oğuz, nazir müavini Elnur Soltanov isə Zaqatalada Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul ediblər.
Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, fərdi yaşayış evlərinin qazlaşdırılması, elektrik enerjisinin keyfiyyəti, elektrik xətlərinin köhnəlməsi, elektrik sayğacının quraşdırılması, sənədləşdirilməsi, elektrik enerjisinə görə borc və cərimələr, işlə təminat və digər məsələlərlə bağlı olub.
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlərin isə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Ümumilikdə qəbullarda 30-dan çox vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şəki, Qəbələ və Zaqatalada təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi internet saytında (http://www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.