<

İyunun 28-də Energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialının inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Xaçmaz və Şabran rayonlarının sakinləri iştirak edib.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Quba şəhərində Quba və Qusar, nazir müavini Elnur Soltanov isə Siyəzən şəhərində Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul ediblər.

 Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik şəbəkəsinin texniki vəziyyəti, elektrik enerjisinin keyfiyyəti, yüksək gərginlikli elektrik veriliş xətlərinin yaşayış evlərinə yaxın ərazidən keçməsi, elektrik xətlərinin köhnəlməsi, transformatorla təmin olunma, elektrik qurğu və avadanlıqlarının yeri və istismar vəziyyəti, elektrik sayğacının quraşdırılması, sahibkarlıq obyektlərində əlavə qaz sərfiyyatının hesablanması, fərdi yaşayış evlərinin qazlaşdırılması, itirilmiş təbii qaza görə dəymiş ziyanın hesablanması, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlərin isə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Ümumilikdə qəbullarda 30-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xaçmaz, Quba və Siyəzən şəhərlərində təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə,  Energetika Nazirliyinin rəsmi internet saytında (http://www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb. 

Digər xəbərlər