Energetika naziri Pərviz Şahbazov Rumıniya  Beynəlxalq Qaz Konfransı çərçivəsində Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas, Bolqarıstanın energetika naziri Rosen Xristov və Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb.

Yunanıstan naziri ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə, Azərbaycandan təbii qazın tədarükünə dair məsələlər müzakirə edilib. Azərbaycandan Avropaya qaz ixracının iki dəfə artırılması istiqamətində Avropa İttifaqı ilə imzalanmış Strateji Tərəfdaşlıq Sənədi və enerji dialoqunun əhəmiyyətindən bəhs edilib. Dəhlizin genişləndirilməsi prosesinin sürətləndirilməsinin və lazımi dəstəklə təmin olunmasının vacibliyi vurğulanıb. Qeyd edək ki, bu il Yunanıstana qaz ixracı 1.1 milyard kubmetr proqnozlaşdırılır.

Bolqarıstanın energetika naziri ilə görüşdə isə ikitərəfli enerji əməkdaşlığının inkişafına dair məsələlər müzakirə edilib. Azərbaycandan  Bolqarıstana qaz ixracının artması yüksək qiymətləndirilib. Bildirilib ki, ilin sonuna Bolqarıstana 600 milyon kubmetr qaz ixracı planlaşdırılır ki, bu da qaz istehlakının 19 faizinin Azərbaycan hesabına ödənilməsi deməkdir. 

Həmçinin Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) oktyabrda kommersiya fəaliyyətinə başlaması,  Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü və elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivlərindən də bəhs edilib.

Nazir Pərviz Şahbazovun Türkiyənin energetika  və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə  görüşündə isə  Cənub Qaz Dəhlizinin inkişafı və enerji təhlükəsizliyinə Azərbaycanla Türkiyənin birgə töhfələri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər