Energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda “Yaşıl enerji zonası” mövzusunda çıxış edib.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə sayəsində münaqişənin hərbi-siyasi yolla həll edilməsi və ölkəmizin ərazi bütövlüyünün, tarixi haqlarının bərpa olunması ilə yanaşı, Azərbaycan yeni geosiyasi dinamikanı müəyyənləşdirən dövlətə çevrilib. Bildirilib ki, Qarabağın, Şərqi Zəngəzurun bərpası və reinteqrasiyası ilə bərabər Zəngəzur dəhlizinin açılmasını əhatə edən proseslər Prezidentin bölgədə dayanıqlı sülh, təhlükəsiz və firavan gələcəklə bağlı strateji baxışını nümayiş etdirir.

Bərpa olunan enerji sahəsinin inkişafına həm dekarbonizasiya, enerji balansının şaxələndirilməsi, həm də postmünaqişə dövründə quruculuq kontekstində əhəmiyyət verildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı “Yaşıl enerji zonası” elan etməsi məhz belə bir mütərəqqi inkişaf siyasətinin təzahürüdür: “Belə bir inkişaf modeli Azərbaycanın təmiz ətraf mühitə malik “yaşıl artım”, “yaşıl enerji”ni istehsal və ixrac edən ölkəyə transformasiyasında azad edilmiş ərazilərin rolunu gücləndirir. Bu ərazilərin 10 min meqavata yaxın potensialı əsasında 4 il ərzində ümumi gücü 780 meqavat olan külək, günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bu istiqamətdə, hazırda bp şirkəti ilə Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır”.

Həmçinin qeyd olunub ki, hazırda ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün də araşdırmalar aparılır.

Çıxışda işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çeviriləcəyi və Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin  bu yeni reallığın perspektivlərindən olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət çərçivəsində görülən işlərlə Azərbaycan postkonflikt quruculuğu modeli ilə də mükəmməl bir örnək yaradacaq, ölkəmizin sülh amalı, quruculuq əzmi, bu günə və gələcəyə aydın strateji baxışı bölgəni davamlı inkişaf məkanına çevirəcəkdir.

 

Digər xəbərlər