- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Ukraynaya səfər edəcək
Yanvarın 31-də Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək. Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, infrastruktur, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib. Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Hökumətlərarası Komissiyasının 12-ci iclasının yekunlarına dair Protokol və bir neçə sənədin imzalanması nəzərdə tutulub.
Komissiyanın iclası çərçivəsində yanvarın 29-da Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, eləcə də bir sıra qurumlar və işgüzar dairələrin nümayəndələrindən ibarət heyət Odessada bir sıra infrastruktur obyektlərinə baş çəkəcək. Yanvarın 30-da isə “Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu”nun növbəti iclası və biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.