<

Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində Prezident Donald Tramp tərəfindən Birləşmiş Ştatların Enerji Katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Dan Brullet ilə görüşüb. Görüşdə enerji sahəsində əməkdaşlığın, eləcə də Birləşmiş Ştatların Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə davamlı dəstəyinin iki ölkə arasında münasibətlərin inkişafına, regional və qlobal təhlükəsizliyə töhfələri müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov nəhəng infrastruktur və enerji təhlükəsizliyi layihəsi “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə, həmçinin energetika sektorunda islahatlar prosesindən bəhs edilib. "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Sərəncamı energetika sektorunda əsaslı dəyişiklikləri təmin edən strateji sənəd kimi qeyd edilib və bərpa olunan enerji sahəsinin inkişafı, enerji səmərəliliyi və liberal bazar modelinə keçidlə bağlı hazırlanan təkliflər və görülən işlər barədə məlumatlar diqqətə çatdırılıb.  

Dan Brullet isə “Əsrin müqaviləsi” imzalanan vaxtdan indiyə kimi Azərbaycanın Xəzəri dünyaya inteqrasiya edən çoxsaylı qlobal enerji təşəbbüslərini yüksək qiymətləndirib. “Cənub Qaz Dəhlizi”nin enerji təhlükəsizliyində mühüm rolunu vurğulayan ABŞ rəsmisi ölkəsinin bu layihə ilə yanaşı Azərbycanın islahat xarakterli yeni enerji siyasəti kursu ilə də əlaqəli  mümkün dəstəyini və köməyini  diqqətə çatdırıb.

Digər xəbərlər