<

Energetika naziri Pərviz Şahbazov ilə Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov arasında görüş keçirilib. Nazir, Bahrom Aşrafxanovu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Görüş zamanı Pərviz Şahbazov səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. Görüşdə humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələrinə hücumları, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması və strateji obyektlərin hədəfə alınması diqqətə çatdırılıb.

Nazir Pərviz Şahbazov Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə verdiyi dəstəyə görə səfir Bahrom Aşrafxanova təşəkkür edib.

Görüşdə, həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu”nun imzalanmasına dair  məsələlər müzakirə edilib.

Digər xəbərlər