Energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfransda çıxış edib. 
Nazir Ulu Öndərin Sovet dövründə və müstəqillik illərində elektroenergetika və neft sənayesində ölkəmizin gələcəyinə töhfə verən uğurlarından danışıb. O bildirib ki, dünyanın əsas neft mərkəzlərindən biri kimi Azərbaycanın nüfuzunun bərpası, bu sahənin inkişafı, neft-kimya sənayesinin modernləşdirilməsi Heydər Əliyevin enerji kursunun bütün mərhələlərində əsas prioritetlərdən idi.
Əsası Heydər Əliyev tərəfindən qoyulan layihələrin hər biri ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələri olduğu vurğulanıb. Nazir bildirib ki, bu müddətdə neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub. Azəri-Çıraq-Günəşli və Şahdənizdən 615 milyon ton neft, 42 milyon ton kondensat, 399 milyard kubmetr qaz çıxarılıb, 613 milyon ton neft və 135 milyard kubmetr qaz ixrac olunub. 176 milyard dollar gəlir əldə edilib.
Nazir bildirib ki, Heydər Əliyevin xalqın ümummilli lideri kimi böyüklüyü həm də onda idi ki, irəli sürdüyü ideyaları özünün fiziki ömrü ilə məhdudlaşdırmır, gələcəkdə də bu ideyaların davamını görür və bunun üçün strateji hazırlıqlar aparırdı.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət məhz Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursunun məntiqi davamıdır.
 

Digər xəbərlər