- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri “Equinor” qrupun vitse-prezidentini qəbul edib
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Norveçin “Equinor” qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Energetika naziri Azərbaycana sərmayə qoyan ilk xarici neft şirkətlərindən biri kimi Equinor” (əvvəlki “Statoil”) şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyətinin enerji əməkdaşlığına verdiyi töhfələrdən bəhs edib. SOCAR ilə Norveçin “Equinor” qrupunun bir hissəsi olan “Statoil Azərbaycan” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında imzalanmış sazişlərin neft-qaz sahəsində gələcək əməkdaşlığın inkişafında mühüm hadisə kimi qiymətləndirib. Bildirilib ki, “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” yataqları ilə bağlı görülən işlər ölkəmizin yeni yataqların kəşfiyyat imkanlarının aşkarlanması və işlənməsi prioritetinə cavab verməklə yanaşı enerji əməkdaşlığında yeni səhifə açır.
“Equinor” qrupun vitse-prezidenti Tim Dodson da 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “ Konfransı çərçivəsində imzalanmış bu sazişlərin əhəmiyyətindən, eləcə də təmsil etdiyi şirkətin fəaliyyətini dünya enerji bazarında dəyişən vəziyyətə uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Neft, təbii qazla yanaşı bərpa olunan enerji sahələrində gələcək inkişaf tendensiyalarına dair fikirlərini bölüşən Tim Dodson günəş, külək enerjisindən istifadə sahəsində həyata keçirilən layihələr barədə məlumatları diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın bərpa olunan enerji mənbələri ilə bağlı potensialı və bu istiqamətdə əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.