- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Çexiyanın sənaye və ticarət nazirini qəbul edib
Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı və bu əməkdaşlığın genişləndirilməsi üçün zəruri tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Çexiyanın neftə olan tələbatının mühüm bir hissəsinin Azərbaycan hesabına təmin edildiyini qeyd edən sənaye və ticarət naziri xanım Marta Novakova enerji sahəsində gələcək əməkdaşlığı təmin edəcək istiqamətlər barədə danışıb.
Bildirilib ki, Çexiya Azərbaycanda xam neft, təbii qaz, elektrik enerjisi, neft-kimya sənayesində yeni obyektlərin tikintisi və yenidənqurulmasında maraqlıdır. Hazırda iki ölkə arasında yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyi üzrə təcrübə mübadiləsinin aparılması, alternativ və bərpa olunan enerji resursları və texnologiyaları, bioenerji, tullantıların istifadəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Çexiya ilə enerji sahəsində əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirən energetika naziri Pərviz Şahbazov bu münasibətlərin dərinləşməsi üçün böyük potensialın olduğunu bildirib. Nazir alternativ enerji mənbələrindən istifadə üzrə bu ölkənin “Mavel” və “PBS Power Equipment” şirkətləri ilə danışıqlar aparıldığını və Çexiya təcrübəsinin bərpa olunan enerji sahəsində faydalı olacağını qeyd edib.
Görüşdə həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən bəhs edilib. İki ölkənin müvafiq qurumları arasında energetika sahəsində əməkdaşlıq haqqında Sazişin yaxın vaxtlarda imzalanmasının vacibliyi bildirilib.