- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci iclası çərçivəsində bir sıra görüşlər keçirib. Avropa Komisiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşdə Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri müzakirə edilib. Balkan ölkələrinin iştirakı ilə tədbirin keçirilməsinin vacibliyi vurğulanıb.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natela Turnava ilə görüşdə isə layihə üzvü kimi bu ölkənin rolundan, Cənub Qaz Dəhlizinin tranzit baxımında faydaları və iqtisadi inkişafa töhfələri ətrafında müzakirə aparılıb. Elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışılıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə baş tutuan müzakirələr isə TANAP və digər layihələrin regioanal və qlobal əhəmiyyəti, bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin zəruriliyi ilə bağlı olub.
“Bolqarıstan “Cənub Qaz Dəhlizi” layihəsini ilk gündən dəstəkləyən ölkədir. Bolqarıstan Şahdəniz qazının alıcısı olmaqla bərabər, Cənub Qaz Dəhlizinin şaxələndirilməsində mühüm ölkədir. Həm Yunanıstan-Bolqarıstan interkonnektoru, həm də Bolqarıstandan başalayacaq digər birləşdirici kəmərlər gələcəkdə Cənub-Şərqi Avropanın digər ölkələri və Mərkəzi Avropa üçün tədarükün şaxələndirilməsinə imkan yaradacaq.” Bu fikirlər isə Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova ilə keçən görüşdə səsləndirilib və layihələrin gedişatı müzakirə edilib.
Nazir həmçinin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə də görüşüb. İtaliyanın Məşvərət Şurasının iclasında iştirakını və mövqeyini yüksək qiymətləndirən nazir iki ölkə arasında əməkdaşlığın bərpa olunan enerji sahəsində də genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Andrea Cioffi ölkəsinin Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsində maraqlı olduğunu bildirib və TAP-ın Balkan ölkələrinin qaz boru kəməri şəbəkəsinin inkişafına şərait yaradacağını diqqətə çatdırıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkənin iştirakı ilə reallaşdırılan birgə enerji layihələrindən danışılıb. Dostluq və qardaşlığa əsaslanan münasibətlərin bundan sonra da yeni layihələrə təkan verəcəyi qeyd edilib.
Bildirilib ki, Türkiyə və Azərbaycanın enerji layihələri ilə gücünün artması ümumilikdə regional inkişafa və sabitliyə təminat verir.