- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
Energetika naziri Pərviz Şahbazovla Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Davamlı İnfrastruktur Qrupunun icraçı direktoru xanım Nandita Parshadın başçılıq nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə AYİB ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib. Cənub Qaz Dəhlizini Avropa üçün mühüm enerji layihəsi kimi dəyərləndirən xanım Nandita Parshad bildirib ki, təmsil etdiyi bank Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə də əməkdaşlıqda maraqlıdır.
Hazırda AYİB ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən layihələrdən danışan energetika naziri Pərviz Şahbazov deyib ki, bu layihələr bərpa olunan enerjidən geniş istifadənin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi layihəsi artıq icra mərhələsindədir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı da AYİB ilə sıx əməkdaşlıq edilir.
Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoyuluşunu dəstəkləməsi, bərpa olunan enerjidən istifadə sahəsində aparıcı ölkələrlə təcrübə mübadiləsinə dair məsələlər də nəzərdən keçirilib.