- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə enerji sahəsində müxtəlif istiqamətli layihələrə AYİB tərəfindən verilən dəstək yüksək qiymətləndirilib. Energetika naziri Pərviz Şahbazov enerji sektorunda aparılan islahatlar və yeni tendensiyalara uyğun prioritetlər üzrə AYİB ilə mövcud və perspektiv əməkdaşlıqdan bəhs edib. Bildirilib ki, AYİB ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpa olunan enerji üzrə hərracların keçirilməsinə, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək layihələri ölkəmizin energetika sektorunun yeni mərhələdə inkişafına töhfə verir. Bank ilə "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihəsinin və digər normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində sıx əməkdaşlıq edilir.
Vitse-prezident Yurgen Riqterink ölkəmizdə bərpa olunan enerji sahəsində görülən işləri və 2030-cu ilədək elektroenergetika sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırılması ilə bağlı hədəfləri təqdir edib.
Görüşdə Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.