<

ABŞ-da səfərdə olan Energetika naziri Pərviz Şahbazov Ağ Evin Milli Təhlükəsizlik Şurasında Beynəlxalq İqtisadiyyat, Enerji və İqlim üzrə Baş direktor Vels Qriffit ilə görüşüb. Görüşdə iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji sahəsində tərəfdaşlığın töhfələri kimi “Əsrin müqaviləsi”nin, BTC və Cənub Qaz Dəhlizi layihələrinin enerji təhlükəsizliyinin təminatında və enerji təchizatının şaxələndirilməsindəki strateji rolundan bəhs edilib.

Nazir Pərviz Şahbazov deyib ki, 25 illiyi qeyd edilən və ABŞ şirkətlərinin də təmsil olunduğu “Əsrin müqaviləsi”nin imzalanması ilə ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsası qoyulmuş, bununla da Azərbaycan enerji tədarükçüsünə çevrilmişdir. “Azərbaycanın bölgədə sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıyan enerji sahəsində  bütün təşəbbüsləri həmişə ABŞ-ın ardıcıl dəstəyi ilə təmin olunub. Biz bu dəstəyi bu gün də “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında həyata keçirilməsində görürük. Bu dəstəyə görə Azərbaycan hökuməti adından ABŞ hökumətinə təşəkkür edirəm”, deyə nazir bildirib.

Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində rolunu xüsusi qeyd edən Ağ Ev rəsmisi Azərbaycanla bu sahədə əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb..  

Görüşdə, həmçinin energetika sektorunda islahatlar prosesi, bərpa olunan enerji sahəsinin inkişafı ilə əlaqədar planlar müzakirə edilib. ABŞ-ın bərpa olunan enerji sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyi bildirilib. Vels Qriffit ABŞ-ın zəngin təcrübəyə, texniki imkanlara və müasir laboratoriyaya malik enerji departamenti ilə əməkdaşlığın səmərəli olacağını diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivləri ətafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər