- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri ADF-də: “Hazırda enerji trilemmasının hər üç aspekti - təhlükəsizlik, əlçatanlıq və davamlılıq arasında balans pozulub”
Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib. Nazir enerji məsələləri üzrə beynəlxalq ekspert Brenda Şafferin moderatorluq, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar və beynəlxalq ekspert Metyu Brayzanın iştirak etdiyi paneldə Forumu Türkiyənin qlobal gündəlikdə olan məsələlərin dialoq müstəvisinə keçirilməsinə töhfə verən təşəbbüslərindən biri kimi qiymətləndirib. Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə də etibarlı tərəfdaş olduğu və Azərbaycanın bütün enerji təhlükəsizliyi layihələrini Türkiyə ilə birgə reallaşdırdığı vurğulanıb. Nazir ölkələrimiz arasında enerji əməkdaşlığı, Cənub Qaz Dəhlizi ilə qaz təchizatının artırılması məsələsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Türkiyə səfərində də müzakirə edilən prioritet istiqamətlərdən olduğunu qeyd edib.
Energetika naziri enerji bazarlarında mövcud vəziyyət, dayanıqlı enerji təchizatında təbii qazın artan rolu və Azərbaycanın enerji resurslarının müxtəlifliyinə əsaslanan enerji siyasətinə dair fikirlərini bölüşüb. Bildirilib ki, hazırda enerji trilemmasının hər üç aspekti - təhlükəsizlik, əlçatanlıq və davamlılıq arasında balans pozulub: “Bir tərəfdən enerji keçidindən qaynaqlanan enerji böhranı, digər tərəfdən isə davam edən siyasi gərginliklər enerji bazarlarını kəskin şəkildə qeyri-sabit və volatil edib. Bu problemi son dövrlərdə bazar iştirakçılarının enerji siyasəti, enerji resurslarına ədalətli olmayan yanaşmaları yaradıb, siyasi proseslər isə daha da dərinləşdirib”.
Nazir dayanıqlı enerji həllərinin bu gün olduğu kimi sabah da əsas çağırışlardan biri olacağını, bu aspektdə təbii qazın enerji keçidi prosesində əhəmiyyətli rol oynayacağını qeyd edib. Enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balansın təmin edilməsinin daha rasional yanaşma olduğunu və bir enerji resursundan asılılığın enerji bazarları üçün qeyri-sabitliyə yol açdığını bildirib. Həmçinin qeyd edilib ki, ötən ildən başlanan enerji böhranı kömür kimi karbon emissiyası çox olan enerji növündən istifadəni artırmaqla karbon neytrallığı hədəfinə doğru məsafənin uzanmasına səbəb olub.
Ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təbii qazla bərpa olunan enerjinin birgə inkişafında gördüyünü deyən nazir, hər iki sahə üzrə hədəfləri və planları diqqətə çatdırıb. Nazir deyib ki, Cənub Qaz Dəhlizi istehlakçıları fasiləsiz və münasib qiymətə qazla təchiz etməklə uğurlu layihə olduğunu təsdiqləyib: “TAP istismara veriləndən indiyə qədər Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il qaz ixracımızın Türkiyəyə 8,2 milyard kubmetrə, Avropaya isə artaraq 9,1 milyard kubmetrə çatacağı gözlənilir”.
Energetika naziri onu da əlavə edib ki, dəhlizin unikallığı Cənub Qaz Dəhlizinin yeni istehlak istiqamətləri kimi, tədarük mənbələrinin də şaxələndirilməsini mümkün edir. Azərbaycanın nəhəng qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı dəhlizin genişləndirilməsini aktuallaşdırıb. Artıq bu istiqamətdə fəaliyyətə başlamağın zamanıdır, -deyə nazir bildirib.
Energetika naziri yalnız Xəzər dənizinin qazını deyil, həm də zəngin külək enerjisi potensialından yararlanmaqla elektrik enerjisinin ixracı ilə bağlı planları da diqqətə çatdırıb.
Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri, nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən platformadır.