Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əməkdaşlıq çərçivəsində əməkdaşların peşəkar inkişafına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş təlimlər davam edir.

Bu çərçivədə növbəti təlim “İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu” mövzusuna həsr olunub.

DİM-in əməkdaşı təqdimatla çıxış edərək əməkdaşlıq, rəqabət və dağıdıcı davranış anlayışları, rəqabətsiz iş mühitinin üstünlükləri və çatışmazlıqları, eləcə də rəqabətə və əməkdaşlığa əsaslanan mükafatlandırma sistemlərinin iş mühitinə təsiri barədə məlumat verib.

Təlim zamanı rəqabətli mühiti formalaşdıran amillər, rəqabətin iş performansına təsiri və sağlam rəqabətin əsas meyarları müzakirə olunub. Qiymətləndirmə prosesinin düzgün qurulması, uğurun meyarlarının müəyyən edilməsi, fərdi və ümumi nəticələr arasında tarazlığın qorunması, gündəlik kommunikasiyanın davranışlara təsiri və inkişaf yönümlü əks-əlaqənin əhəmiyyəti diqqətə çatdırılıb.

İnteraktiv formatda keçirilən təlim çərçivəsində iştirakçılar sağlam rəqabət meyarlarının müəyyənləşdirilməsi və sağlam iş mühitinin formalaşdırılması ilə bağlı praktiki tapşırıqları yerinə yetiriblər. Mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ümumilikdə 28 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər