<

Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxış edib.

Nazir çox mürəkkəb bir dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”nin ölkəmizi transmilli enerji və kommunikasiya layihələrinin müəllifinə, qlobal enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaşa çevirən, Xəzər dənizində beynəlxalq əməkdaşlığı və uzunmüddətli inkişafı təmin edən geosiyasi və geoiqtisadi əhəmiyyətindən bəhs edib. Ölkənin neft sektoruna yeni texnologiyaların, 100 milyard ABŞ dollarından çox sərmayənin cəlbi, yeni neft-qaz layihələrinin işlənilməsi, 146 milyard ABŞ dollarından çox gəlir əldə edilməsi və neft gəlirlərinin sosial məsələlərə, xalqın rifahına, insan kapitalının və iqtisadiyyatın inkişafına yönəldilməsi 25 ilin nailiyyətləri kimi qeyd edilib. Bildirilib ki, indiyə kimi 496 milyon ton neft və 163 milyard kubmetr qazın hasil olunduğu Azəri-Çıraq-Günəşli yataqları üzrə bu müqavilənin töhfələri bir əsrlə məhdudlaşmır. Müddətinin daha 30 il uzadılması ilə “iki əsrin müqaviləsi” statusunu qazanan bu tarixi razılaşma gələcəkdə də Azərbaycanın inkişafında, beynəlxalq tərədaşlarla münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Nazir Pərviz Şahbazov deyib: ““Əsrin müqaviləsi”nin bu ardıcıl nəticələri Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə doğru addımlarını möhkəmləndirir. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda həyata keçirilən çoxşaxəli dərin islahatlar kursu ölkənin gələcəkdə də hərtərəfli və davamlı inkişafına güclü dəstəyi təmin edir.”

Energetika naziri Azərbaycanın enerji siyasəti kursunun həyata keçirilməsində xarici enerji şirkətləri ilə tərəfdaşlıq münasibətlərini və ABŞ-ın davamlı dəstəyini yüksək qiymətləndirib. ABŞ ilə münasibətlərdə enerji sektorunun həmişə strateji əhəmiyyət daşıdığını vurğulayan nazir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji ilə bağlı bütün təşəbbüslərində qətiyyətli tərəfdaşı olub: “Qlobal enerji təhlükəsizlik layihəsi “Cənub Qaz Dəhlizi”nin reallaşmasında da ABŞ-ın güclü siyasi dəstəyi mühüm rol oynayıb. Cənub Qaz Dəhlizi Prezident Donald Trampın da ifadə etdiyi kimi enerji sahəsində əməkdaşlığımızın zirvəsidir. Gələn il “Cənub Qaz Dəhlizi”nin tam işə düşməsi ilə birgə əməkdaşlığımızın daha bir uğuruna nail olacağıq”, deyə nazir əlavə edib.

Qeyd edək ki, tədbirdə ABŞ Dövlət Katibinin Enerji Ehtiyatları üzrə köməkçisi Frensis Fannon, ABŞ Enerji Katibinin muavini Mark Menezes, digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri və enerji şirkətlərinin nümayəndələri iştirak edib.

Digər xəbərlər