<

Energetika naziri Pərviz Şahbazov 25-ci Beynəlxalq Yubiley “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib. Rusiya Federasiyası Başqırdıstan Respublikasının Baş nazirinin müavini Fərhad Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə enerji sahəsində əməkdaşlıq imkanları və qlobal inkişaf tendensiyalarının bu sektora təsirləri ətrafında fikir mübadiləsi aparılıb. Fərhad Səmədov Başqırdıstanda neft sənayesi, neft emalı və neft-kimya sektorunun inkişafı barədə geniş məlumat verərək, bərpa olunan enerji mənbələrindən istifadə üzrə həyata keçirilən layihələr və nəzərdə tutulan planlardan danışıb. 

Energetika naziri isə ölkəmizin neft-qaz sahəsində qazandığı nailiyyətlərdən bəhs edərək builki sərgi çərçivəsində “Cənub Qaz Dəhlizi”nin açılışını bu uğurların növbəti bir nümunəsi kimi qeyd edib. Nazir ölkənin elektroenergetika sektorunun imkanları, Azərbaycanla Rusiya Gürcüstan, İran və Türkiyə enerji sistemləri arasında mövcud vəziyyət, elektrik enerjisinin ixracı və bərpa olunan enerji mənbələri üzr generasiya güclərinin yaradılması istiqamətində planlaşdırılan tədbirlərdən danışıb.

Söhbət zamanı 23-26 oktyabr 2018-ci il tarixində Ufa şəhərində keçiriləcək Rusiya Energetika Forumunun enerji əməkdaşlığının gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma kimi əhəmiyyəti də qeyd edilib və energetika naziri bu tədbirə dəvət edilib.

Energetika naziri Pərviz Şahbazov sərgidə iştirak edən İran İslam Respublikası Prezident Aparatının yanında Elm, Təlim, Mədəniyyət və Tədqiqat məsələləri təşkilatının sədri Həmidrza Təyyibi ilə də görüşüb. Görüşdə son zamanlar iki ölkə arasında enerji sahəsində imzalanmış sənədlər, elektrik enerjisinin ixracı və birgə həyata keçirilən layihələr üzrə görülmüş işlər yüksək qiymətləndirilib. Bərpa olunan enerji mənbələri ilə bağlı İranın MAPNA şirkəti ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Energetika naziri həmçinin “Tekfen İnşaat” şirkətinin prezidenti Levent Kafkaslının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Energetika Nazirliyi ilə "Tekfen İnşaat" şirkəti arasında imzalanmış alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Bildirilib ki, Azərbaycanda uzun illərdir fəaliyyət göstərən “Tekfen İnşaat” şirkətinin təcrübəsi bərpa olunan enerji sahəsində də əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu məqsədlə qısa müddətdə İşçi Qrupunun yaradılması, bu qrupa mütəxəssislərin cəlb edilməsi, eləcə də görüləcək təbirlər üzrə yol xəritəsinin tərtib olunmasının vacibliyi qeyd olunub. 

Digər xəbərlər