- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
EMTA rəhbərliyi Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası üzvlərinin Skopye görüşündə iştirak edib
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) tam və assosiativ üzvlərinin nümayəndələrinin görüşü baş tutub. Tədbirdə Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin (EMTA) sədri Samir Axundovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. 15-16 aprel tarixlərində keçirilən ikigünlük tədbirin ilk günündə ERRA Tarif Komitəsinin, ERRA Lisenziyalaşdırma və Rəqabət Komitəsinin, həmçinin ERRA Baş Assambleyasının iclasları keçirilib. Görüşlərə müvafiq sahələr üzrə ekspertlər olan milli nümayəndə heyətinin üzvləri - EMTA əməkdaşları qatılıblar.
Komitələrin iclasları zamanı 2019-2020-ci illəri əhatə edən iş planı təqdim edilib, tariflərdə baş vermiş dəyişikliklərin və digər aktual məsələlərin müzakirə edildiyi dəyirmi masalar təşkil olunub, bərpa olunan enerji üçün dəstək sxemlərinin hazırlanması və tətbiqi məsələləri, pərakəndə satış bazarlarının funksionallığı və lisenziyalaşdırmada yeni meyarlar müzakirə edilib.
ERRA Baş Assambleyasının iclasında üzvlük, maliyyələşdirmə və büdcə məsələləri, ERRA Nizamnaməsinə edilən dəyişikliklər, eləcə də digər inzibati məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
Növbəti gün EMTA İdarə Heyətinin sədri Samir Axundovun iştirakı ilə ERRA üzvü olan qurumların rəhbərlərinin görüşü keçirilib. Görüşdə ötürücü sistem operatoru üzrə müqayisəli araşdırma, tətbiqinəzərdə tutulan yeni modellərin öyrənilməsi, enerji tənzimləyiciləri üçün kommunikasiya üzrə ən yaxşı təcrübələrin, həmçinin ERRA üzvü olan qurumların koordinasiyası layihələrinin nəticələri kimi müxtəlif təqdimatlar keçirilib və iştirakçılar arasında intensiv müzakirələr aparılıb.
ERRA üzvü olan tənzimləyici qurumların sədrləri, prezidentləri və komissarlarının ənənəvi görüşü 2009-cu ildən etibarən, ildə iki dəfə olmaqla keçirilir. Mütəmadi toplantılar üzv qurumların üzləşdikləri ən əsas çətinliklərin qarşılıqlı müzakirəsi məqsədilə təşkil edilir. Bu qeyri-formal görüşlərin iştirakçıları üzv ölkələrdə elektrik enerjisi və qaz təchizatı sahəsində son dəyişikliklər və gözləntilər haqqında məlumatları bölüşmək fürsəti əldə edirlər.