Energetika Nazirliyində qurum əməkdaşlarının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə növbəti təlim keçirilib. “Əmək qanunvericiliyinin tətbiqi” mövzusuna həsr edilmiş təlim Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində təşkil edilib.

Təlimdə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin sektor müdiri Aytən Quliyevanın əmək qanunvericiliyinə dair təqdimatı dinlənilib, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən irəli gələn müddəalar, əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar, əmək münasibətləri, müvafiq beynəlxalq konvensiyalar barədə geniş məlumat verilib, məcəllənin tətbiq olunduğu sahələr, əmək müqaviləsinin bağlanması, müqavilə tərəflərinin əsas hüquq və vəzifələri, müqaviləyə xitam verilməsinin əsasları və qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi, məzuniyyət hüququnun təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Təlimdə Nazirlik, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 38 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər