Sentyabrın 29-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev Dünya Bankı rəhbərliyinin “Doing Business” hesabatının dərc edilməsinin dayandırılması barədə qərarına baxmayaraq, İşçi Qrupu tərəfindən cari il üçün təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq müvafiq sahədə işlərin bundan sonra da vaxtında və keyfiyyətlə icrasının davam etdirilməsinin zəruriliyini qeyd edib.

Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə bildirib ki, “Doing Business” komandası tərəfindən sözügedən hesabatın 7 indikatoru üzrə ölkəmizdə aparılan islahatların 2019-cu ildə qəbul edilməsinə baxmayaraq, sonradan elan edilmiş rəsmi bəyanatda 3 indikator, o cümlədən elektrikə qoşulma üzrə islahatların sahibkarlar tərəfindən qəbul edilməməsi əsas gətirilərək reytinqlərin hesablanması zamanı nəzərə alınmayıb. Bununla əlaqədar, ölkəmizə qarşı göstərilən qərəzli münasibətə etiraz edilib və müvafiq sahədə görülmüş real işlər və islahatlar barədə məlumatların qarşı tərəfə yenidən təqdim edilməsi təmin olunub. Hesabatın hazırlanması zamanı neqativ halların baş verməsi ehtimallarının araşdırılması məqsədilə Dünya Bankının rəhbərliyi tərəfindən 3-cü tərəf kimi hüquqi şəxs bu işlərə cəlb edilib. Nəticədə “Doing Business” hesabatının dərc olunması 3 dəfə təxirə salınıb və araşdırma nəticəsində üzə çıxan neqativ hallar nəzərə alınaraq 2021-ci ilin sentyabr ayında hesabatın növbəti buraxılışının dərc edilməsinin dayandırıldığı elan edilib. Vüsal Şıxəliyev bu cür halların baş verməsinə baxmayaraq, işçi qrupu tərəfindən müvafiq sahədə islahatların aparılması və sahibkarların işinin asanlaşdırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələri tərəfindən işçi qrupunun Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərlə bağlı görülmüş işlər barədə məlumat verilib.

“Azərişıq” ASC tərəfindən təqdim edilmiş “Paylayıcı Şəbəkələr üzrə Enerji Təchizatının Keyfiyyət Göstəricilərinin Təyin Edilməsi Metodikası” adlı sənədin və bununla əlaqədar irəli sürülən təkliflərin müzakirəsi aparılıb. Energetika Nazirliyi, o cümlədən aidiyyəti qurumların mütəxəssislərinin rəy və təklifləri nəzərə alınmaqla sözügedən sənədin təkmilləşdirilməsi, illik elektrik enerjisi təchizatında fasilələrin azalması və texnoloji itkilərin minimuma endirilməsi məqsədilə görüləcək işlərlə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması qərara alınıb.

İclasda, həmçinin elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb, “Azərişıq” ASC ilə “Deloitte” şirkəti arasında bu sahədə sıx əməkdaşlığın qurulması barədə fikirlər səsləndirilib. Eyni zamanda işçi qrupunun fəaliyyətində səmərəliliyinin artırılması məqsədilə özəl sektorun, o cümlədən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin İşçi Qrupuna cəlb olunması məsələsinə baxılması təklif edilib.

İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Deloitte” və “Ekvita” şirkətlərinin nümayəndələri iştirak edib.

Digər xəbərlər