- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Elektrik stansiyalarında audit mövzusunda təlim keçirilib
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və DNV GL şirkətinin birgə təşkilatçılığı ilə elektrik stansiyalarında audit mövzusunda təlim keçirilib. Bir neçə paneldən ibarət olan təlimlərdə ilk olaraq Azərbaycan üçün aktual olan enerji sistemi texnologiyaları və istilik elektrik stansiyalarının qiymətinə təsir edən əsas amillər barədə məlumat verilərək enerji sisteminin qısa icmalı verilib. Daha sonra Almaniyadan gəlmiş ekspert Frank Şultz auditin konsepsiyası haqqında danışaraq müqayisəli təhlil, xərclərin optimallaşdırılması, enerji effektivliyi barədə məlumat verib, iş yerində əmək təhlükəsizliyi, əməliyyat prosedurları, ətraf mühitin mühafizəsi kimi auditin həyata keçirildiyi sahələrdən söhbət açıb.
İnteraktiv müzakirələr şəraitində keçən təlimlərdə iştirakçıların suallarını cavablandıran təlimçi auditə hazırlıq barədə də danışaraq audit planının enerji səmərəliliyindən nümunələr gətirib, istifadə edilən enerji mənbələri və müvafiq dəyişənlər haqqında məlumatın təhlili metodologiyasını izah edib. Təlimlərdə enerji istifadə edən qurğular haqqında məlumatın toplanması və enerji dəyərləndirməsi, enerjiyə qənaət potensialı və enerji effektivliyinin qiymətləndirilməsi, həmçinin kommunikasiya və davranış qaydaları barədə danışılıb.
Bu sahədə aparıcı Avropa ölkələrinin təcrübəsindən bəhs edən təlimçi əməliyyat rejimləri və mərhələləri, yükün paylanması haqqında təlimatlar, yanacaq sərfiyyatı və effektivliyi, texniki qulluq rejimləri, stansiyanın müyəssərliyi və etibarlılığı, eləcə də elektrik stansiyasının fəaliyyətinin ekoloji məqamları və onların məhsulun qiymətinə təsiri barədə məlumat verib.