- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Ekvatorial Qvineyanın mədənçilik və karbohidrogen məsələləri üzrə dövlət katibi Energetika Nazirliyində olub
Energetika naziri Pərviz Şahbazovla Ekvatorial Qvineyanın mədənçilik və karbohidrogen məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələr Forumuna üzv ölkələrin dövlət və hökumət başçılarının V Sammitinə Azərbaycanın dəvəti, eləcə də ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Santiaqo Mba Eneme Nsuqa qaz ixrcatçısı və təşkilatda müşahidəçi qismində təmsil olunan Azərbaycanın bu tədbirdə iştirakının ikitərəfli əməkdaşlıq üçün də əhəmiyyətli olacağını qeyd edib. Bildirilib ki, Ekvatorial Qvineya Azərbaycanla təkcə Qaz ixrac edən ölkələrin Forumu çərçivəsində deyil, həm də karbohidrogen sənayesində bilik və qabaqcıl texnologiyalarla bağlı təcrübə mübadiləsində maraqlıdır.
Dəvətə görə təşəkkürünü bildirən Energetika naziri Pərviz Şahbazov Qaz ixrac edən ölkələrin Forumu ilə əməkdaşlıq əlaqələrinin son illərdə intensivləşdiyini qeyd edib. Nazir deyib ki, Ekvatorial Qvineya ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın ikitərəfli formatda, enerji sahəsində də inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilməlidir. Həmçinin bildirilib ki, Azərbaycan neft-qaz sahəsində təcrübəsini bölüşməyə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.