Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində silsilə təlimlərin keçirilməsi davam edir.

Növbəti təlimlər 24 və 26 may tarixlərində Energetika Nazirliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” və “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzularında təşkil edilib.

“Dövlət qulluqçularının etik davranış qaydaları”na dair təlimdə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin sektor müdiri Elnur Abbasov tərəfindən dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələlərinə dair təqdimat nümayiş etdirilib. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn müddəalar, etik davranış qaydalarının əsas prinsipləri və məqsədləri, loyallıq, ictimai etimad, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, qərəzsizlik, qaydalara əməl olunmasına nəzarət, etikanın dövlət qulluğunda əhəmiyyəti və digər mövzulara dair məlumatlar diqqətə çatdırılıb.

“İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda keçirilən digər təlimdə isə Dövlət İmtahan Mərkəzinin Təlim məsələləri üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən idarəetmənin əsas məqsədləri, idarəetmə strategiyası, kadr siyasəti, kadrlarla işin təşkili, onların seçilməsi və yerləşdirilməsi, kadrların yeni işə uyğunlaşması, işçilərin fəaliyyətinin əlaqələndirilməsi və təşkili, işçinin səriştə və potensialının dəyərləndirilməsi, əməyin düzgün təşkil edilməsi, motivasiya tədbirləri, kadrların qiymətləndirilməsi və digər mövzularla bağlı ətraflı məlumat verilib.

Təlimlərdə ümumilikdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 75 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər