Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinin icrası məqsədilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda onlayn seminar keçirilib.

Energetika Nazirliyi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının birgə təşkilatçılığı ilə baş tutmuş vebinarda nazirliyin etik məsələlər üzrə müvəkkili, Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov müntəzəm olaraq keçirilən belə təlimlərin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunla müəyyən edilən normalara dair dövlət qulluqçularının maarifləndirilməsində vacib rol oynadığını qeyd edib. Təlimçi-ekspert Zaur İbrahimli isə etik davranış qaydaları barədə təqdimatla çıxış edərək, bu sahədə mövcud qanunvericilik, etik davranış qaydalarının əsas prinsip və məqsədləri, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn etik vəzifələrlə bağlı nəzəri biliklər barədə danışıb, xidməti vəzifənin icrası ilə bağlı tələblər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər mövzular barədə məlumat verib.

Vebinarda Energetika Nazirliyi və tabeli qurumların əməkdaşları, nazirlik yanında ictimai şuranın üzvləri iştirak ediblər.

Digər xəbərlər